Mesh Wi-Fi nədir və necə işləyir?
Cihazlar02.09.2026

Evin bir otağında Wi-Fi siqnalı güclü olduğu halda, digər otaqda bağlantı daha zəif ola bilər. Buna ruterə olan məsafə, divarlar və digər fiziki maneələr təsir göstərə bilər.
Mesh Wi-Fi evin müxtəlif hissələrində daha geniş və bərabər Wi-Fi əhatəsi yaratmaq üçün nəzərdə tutulmuş həllərdən biridir.
Mesh Wi-Fi nədir?
Mesh Wi-Fi sistemi əsas ruter və evin müxtəlif nöqtələrində yerləşdirilən əlavə Mesh cihazlarından ibarət olur. Bu cihazlar birlikdə işləyərək vahid Wi-Fi şəbəkəsi yaradır.
Beləliklə, otaqdan otağa keçərkən ayrıca şəbəkə seçməyə ehtiyac qalmır – telefon, noutbuk və digər cihazlar uyğun Mesh nöqtəsinə avtomatik qoşulur.
Mesh Wi-Fi necə işləyir?
Təsəvvür edin ki, ruter bir otaqda yerləşir, lakin aradakı məsafə və divarlar səbəbindən Wi-Fi siqnalı digər otaqlara daha zəif çatır.
Mesh cihazı uyğun nöqtədə yerləşdirildikdə şəbəkənin əhatə sahəsini genişləndirir. Bir neçə Mesh nöqtəsi birlikdə işlədikdə isə evin müxtəlif hissələrində bağlantının daha stabil və bərabər paylanması mümkün olur.
Mesh Wi-Fi-ın əsas üstünlükləri:
Daha geniş Wi-Fi əhatəsi
Siqnalın zəif çatdığı otaqlarda Wi-Fi-dan daha rahat istifadə etməyə imkan verir.
Vahid Wi-Fi şəbəkəsi
Evdə hərəkət etdikcə ayrıca şəbəkələrə qoşulmaq lazım deyil. Cihazınız Mesh sistemi daxilində uyğun nöqtəyə avtomatik keçir.
Daha stabil bağlantı
Mətbəx, yataq otağı və ya ruterdən daha uzaq digər hissələrdə bağlantının stabilliyini qorumağa şərait yaradır.
Asan genişləndirmə imkanı
Ehtiyac yarandıqda sistemə əlavə Mesh cihazı qoşaraq Wi-Fi əhatə dairəsini genişləndirmək mümkündür.
Mesh Wi-Fi ilə evdə rahat internet təcrübəsi
Əgər bəzi otaqlarda Wi-Fi siqnalı zəifləyirsə, ruterə uzaqlaşdıqca bağlantının keyfiyyəti dəyişirsə və ya çoxotaqlı mənzildə əhatə bərabər deyilsə, Mesh Wi-Fi evin hər küncündə bağlantının mümkün qədər stabil və bərabər işləməsi üçün ən uğurlu həllərdən biridir.